CƏMİYYƏT


Bakıda “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” adlı konfrans keçirilib VİDEO

Bakı, 18 sentyabr, AZƏRTAC 

Sentyabrın 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən DQİDK sədr müavini Gündüz İsmayılov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Bu, əslində Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır. G.İsmayılov “İslam Həmrəyliyi İli” çərçivəsində bir sıra qurumlarla birgə müxtəlif tədbirlərin keçirildiyini deyib.

Sədr müavini qeyd edib ki, dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi bir zamanda yaşayırıq. Bu səbəbdən dinlər və mədəniyyətlər arasında dialoqun bərqərar olması, həmrəyliyin gücləndirilməsi labüddür. Dünya sivilizasiyasının bir parçası olan Azərbaycan xalqını fərqləndirən cəhətlərdən biri də digər mədəniyyətlərə hörmətlə yanaşmaq, sülhpərvər, tolerant olmaqdır. Bu cür təfəkkürə, dünyagörüşünə, əxlaqa sahib olmağımız şübhəsiz ki, yaşadığımız ərazinin Şərq ilə Qərb arasında mədəni və coğrafi baxımdan körpü rolu oynamasından irəli gəlir. Azərbaycan cəmiyyəti haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir və ölkə ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarını, o cümlədən etnik, mədəni, dini dəyərlərinin qorunmasını əsas insan hüquq və azadlıqları kontekstində görür. Azərbaycançılıq ideologiyası dinindən, dilindən, irqindən asılı olmayaraq ölkədə yaşayan bütün vətəndaşları birləşdirir.

Sonra DQİDK-nın əməkdaşı Ruslan Əsgərov mövzu ətrafında geniş məruzə ilə çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini Qəmərxanım Cavadlı, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Elsevər Səmədov mövzu ətrafında çıxış ediblər. Qeyd edilib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasına bir çağırışdır. İslam ölkələrinin həmrəyliyi insani münasibətlərin qurulması üçün çox mühüm amildir və bu, cəmiyyətdə multikulturalizmi və sabitliyi təmin edir. Hazırda İslam bəzi dairələrin əllərində alətə çevrilib və onlar dindən öz məkrli niyyətlərini yerinə yetirmək üçün istifadə edirlər. Müasir dünyada baş verən təhdidlərin qarşısının alınması qarşımızda duran əsas vəzifələrdən biridir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Prezident İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri Azərbaycan dövlətinin dünyada gedən proseslərə dəyərli töhfəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.