ELM VƏ TƏHSİL
Bakıda keçirilən üçüncü "Fizika və lirika" konfransında ədəbiyyat antologiyaları təqdim olunub
Bakı, 14 iyul, M.Dadaşov, P.İmanova, AZƏRTAC
İyulun 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azad Həmkarlar İttifaqının və Alimlər Evinin təşkilatçılığı ilə üçüncü “Fizika və lirika” konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Dendrologiya İnstitutunda keçirilən tədbir çərçivəsində akademiyanın əməkdaşlarının bədii yaradıcılığını özündə əks etdirən “Biz də varıq” və “Plyus bədii yaradıcılıq” ədəbiyyat antologiyalarının təqdimatı olub. Konfrans iştirakçıları AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan elminin inkişaf tarixindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ilə tariximizin yeni epoxası başlanıb. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmlə yanaşı, ədəbiyyat, mədəniyyət, incəsənət iqtisadiyyatla üzvü əlaqədə yüksək səviyyədə inkişaf edib. Ümummilli Lider bu dövrdə milli düşüncəni, milli ədəbiyyatı inkişaf etdirməklə ölkəmizdə milli-mənəvi özünüdərk proseslərini sürətləndirib. Bu, görkəmli dövlət xadiminin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biridir. Bu gün Prezident İlham Əliyev müəyyən olunmuş strateji xətti yaradıcılıqla, dünyada cərəyan edən dəyişikliklərə uyğun olaraq uğurla davam etdirir. Bu da ölkəmizin bütün istiqamətlərdə dünya miqyasında, beynəlxalq ictimaiyyətin gözü qarşısında inkişafı deməkdir.
Konfransın əhəmiyyətini vurğulayan İ.Həbibbəyli deyib: “Bu gün təqdim etdiyimiz layihə AMEA-da yeni dövrün və mərhələnin aparıcı istiqamətlərindən biridir. Hazırda akademiyada elm sahələri arasında əlaqələrin inkişaf etdirilməsi müasir dövrdə yeni elmi nəticələrə nail olmaq üçün mühüm şərtlərdəndir. Bu istiqamətdə AMEA-nın bütün institutlarında yaradıcı proses davam edir. Belə ki, artıq üçüncü dəfə keçirilən bu konfrans həm akademiyada elmin inkişafına, həm də bədii ədəbiyyatın, təsviri sənətin, musiqi sənətinin inkişafına əhəmiyyətli təsirini göstərəcək”. Akademik diqqətə çatdırıb ki, müvafiq mövzuda növbəti konfrans MDB ölkələri səviyyəsində beynəlxalq miqyasda keçiriləcək. "Biz də varıq" və "Plyus bədii yaradıcılıq" ədəbi almanaxları isə AMEA-da elmlə yanaşı, digər sənət sahələrinin yaranıb inkişaf etdiyinin göstəricisidir.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azad Həmkarlar İttifaqının sədri İsa Alıyev, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov, Alimlər Evinin direktoru Nuridə Quliyeva iştirakçılara indiyədək keçirilmiş “Fizika və lirika” konfransları barədə məlumat verib, yeni nəşrlər barədə fikirlərini bölüşüblər. Mövzunun aktuallığını vurğulayan natiqlər qeyd ediblər ki, müvafiq istiqamətdə AMEA-da silsilə tədbirlər həyata keçirilir.
Sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmmədin “Fizika və lirika” konfransları: elmlə ədəbiyyatın dialektik əlaqəsi”, bu elm müəssisəsinin baş elmi işçisi, professor Vüqar Əhmədin “AMEA-da ədəbi proses: mövcud vəziyyət və qarşıda duran vəzifələr”, professor Rəhim Əliyevin “Biz də varıq” şeir antologiyası elm adamının bədii düşüncəsinin ifadəsi kimi”, aparıcı elmi işçi Rasim Qurbanovun “Müasir ədəbi prosesdə “Plyus bədii yaradıcılıq” ədəbi antologiyasının yeri və əhəmiyyəti” mövzularında məruzələri dinlənib.
Sonda tədbir iştirakçıları böyük rus şairi Sergey Yeseninin ev-muzeyini ziyarət ediblər.