REGİONLAR
Bakılı məktəbli: Naxçıvanın hər bir guşəsi çox maraqlıdır
Naxçıvan, 28 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçiriləcək maarifləndirici tur-aksiyada iştirak edəcəyimi, bu aksiya çərçivəsində Naxçıvanda olacağımı eşidəndə çox sevinmişdim. Çünki həmişə qədimliyin və müasirliyin ünvanı olan Naxçıvanı görməyi arzulamışam.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Xəzər rayon 125 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərmin Məmmədova deyib. N. Məmmədova qeyd edib ki, qədim Naxçıvan diyarı ilə yaxından tanış olmaq imkanı əldə etdiyi üçün özünü xoşbəxt hiss edir: “Buraya gəldikdən sonra sevincim daha da artdı. Çünki ölkəmizin bu guşəsi haqda ətraflı məlumat əldə etdim, çoxlu gözəl yerlərdə oldum. Həqiqətən də, Naxçıvanın hər bir guşəsi çox maraqlıdır. Bizim üçün ayrılan rahat avtobuslarda saatlarla gəzsəm də, yorulmadım”.
Bakılı məktəbli bundan başqa, burada çox sayda həmyaşıdları ilə də tanış olmaq imkanı əldə etdiyini, onlarla yaxşı vaxt keçirdiyini, gördükləri və öyrəndikləri barədə danışdığını vurğulayaraq deyib: “Bir sözlə, Naxçıvanla tanışlığım mənim üçün çox faydalıdır. Sevinirəm ki, qayıdanda dostlarıma deyəcək çox sözlərim olacaq. Bizə bu fürsəti yaratdığına görə dövlətimizə minnətdarıq”.