İQTİSADİYYAT
Bakının Ziya Bünyadov prospekti oktyabrda istifadəyə veriləcəkdir VİDEO
Bakı, 8 iyul (AZƏRTAC). Bakı şəhərinin şimal istiqamətində əsas çıxışını təmin edən magistrallardan birində - Ziya Bünyadov prospektində yenidənqurma işləri sürətlə davam etdirilir.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, prospektin yenidən qurulmasında məqsəd “20 Yanvar” dairəsi, eyni zamanda, keçmiş “Qələbə” kinoteatrının qarşısında yerləşən dairə ilə Böyükşor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
Yenidənqurma işləri Alı Mustafayev, Hüseynbala Əliyev, Əbdülvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişdiyi dairədən Böyükşor yol qovşağınadək olan hissəni əhatə edir. Ümumi uzunluğu 9 kilometrdən çox, eni isə bəzi yerlərdə 50, bəzi yerlərdə isə 60 metr nəzərdə tutulan prospekt 10-12 zolaqdan ibarət olacaqdır. Prospektin 4 mərkəzi zolağı sürətli hərəkəti təmin edəcəkdir. Yol boyu hərəkətin tənzimlənməsi üçün 4 yerdə qovşağın və piyada keçidlərinin tikintisi nəzərdə tutulmuşdur. Artıq keçidlərdən biri hazırdır, digərində işlər başa çatmaq üzrədir. Qalan iki keçiddə isə tikinti-quraşdırma işləri davam etdirilir. Bütün prospekt boyu kommunikasiya xətlərinin köçürülməsi, yeni yağış kanalizasiya xəttinin çəkilməsi və torpaq işləri başa çatdırılmış, yol qovşaqlarında isə son tamamlanma işləri aparılır.
Prospektin oktyabrda istifadəyə verilməsi planlaşdırılır.
Tikinti sahəsində səyyar laboratoriya da quraşdırılmışdır. Laboratoriyanın köməyi ilə asfalt-beton örtüyünün və digər materialların daimi olaraq testləri həyata keçirilir. Bundan əlavə, Almaniya istehsallı lazer nəzarət cihazları ilə asfalt-beton örtüyünün keyfiyyətli döşənməsi də nəzarətdə saxlanılır.