İQTİSADİYYAT
“Bakutel” sərgisinin iştirakçıları kompyuter detallarından yubiley loqosu hazırlayıblar
“Bakutel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin 20 illiyi tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 8-də Bakıda keçirilən “Yeni həyat: texnologiyalardan incəsənətə” adlı tədbirdə sərginin daimi iştirakçıları övladları ilə birlikdə kompyuter detallarından yubiley loqosu hazırlayıblar. Bu dekorativ loqo “Bakutel-2014” sərgisində nümayiş olunacaq.
Tədbirdə “April UV”, “Aztelekom”, “AZV”,”BestComp Group”, “Caspian Navtel”, “Connect”, “Delta Telecom”, “HP”, “Mocrosoft”, “Ultra” və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, dekabrın 2-dən 5-dək keçiriləcək “Bakutel-2014 sərgisində” 250-dən artıq şirkət təmsil olunacaq. Sərgi çərçivəsində informasiya-kommunikasiya texnologiyaları üzrə ən son qlobal təmayüllərə, eləcə də Azərbaycanda bu sahənin inkişaf perspektivlərinə dair təqdimatlar, “Əşyalar interneti” adlı konfrans və ”e-Gov 3.0: innovativ çağırışlar, müasir trendlər və yeni imkanlar” mövzusunda beynəlxalq forum keçiriləcək.