CƏMİYYƏT
Baş Prokurorluğun nümayəndələri BMT-nin Mərkəzi Asiya ilə bağlı yeni proqramının müzakirəsinə dair videokonfransda iştirak ediblər
Bakı, 30 iyul, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya regionu üçün 2021-2025-ci illəri əhatə edən yeni proqramının müzakirəsinə həsr olunmuş videokonfrans formatında görüşü keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Mərkəzin nümayəndəsi Aşita Mital və Azərbaycan Respublikası Baş Prokurorluğunun, o cümlədən Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarov korrupsiya, çirkli pulların yuyulması, qanunsuz narkotik dövriyyəsinin və digər transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizə sahələrində müəyyənləşdirilən prioritetlər barədə tədbir iştirakçılarını məlumatlandırıblar.
Proqram çərçivəsində əməkdaşlığın perspektivlərinə dair səmərəli fikir mübadiləsi və müzakirələr aparılıb.