ELM VƏ TƏHSİL
Bayramlardan sonra həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqının ödənilməsinə başlanılacaq
Bakı, 8 may, AZƏRTAC
Bayramlardan dərhal sonra sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqının ödənilməsinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev mayın 8-də feysbuk üzərindən canlı yayımda sualları cavablandırarkən deyib.
O bildirib ki, bu tələbələrin qeydiyyatı elektron qaydada aparılacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarının əhatə etdiyi dövr 2020-2021-ci tədris ilinin II yarımili üçün uzadılıb.
2020-2021-ci tədris ilinin ikinci yarımili üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsi hesabına ödəniləcək. Bu tələbələrin sayının 15 min 500 – 16 min 500 nəfər arasında olması proqnozlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən 14 milyon manatın ayrılması nəzərdə tutulur.