CƏMİYYƏT
Belə maraqlı aksiyada iştirak etdiyim üçün çox xoşbəxtəm
Mən həyatımda ilk dəfədir ki, belə maraqlı aksiyada iştirak edirəm. Tura Bakının Sabunçu rayonundan qoşulmuşam. Bəzi rayonlarda olmuşdum, amma bu ekskursiyanın xüsusi yeri var. “Ölkəmizi tanıyaq” layihəsində iştirak etdiyimə görə özümü xoşbəxt hesab edirəm.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Balaxanı qəsəbəsindəki 69 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aidə Məmmədova AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib: “Azərbaycanın qədim və zəngin tarixə malik bölgəsi Şəkini, dilbər guşələrimiz olan Qaxı, Zaqatalanı görmək, bu yerləri qarış-qarış gəzmək, buralarda gecələmək mənim və yoldaşlarımın yaddaşında xoş təəssüratlarla qalacaq. Bizə bu imkanı yaradan Prezident İlham Əliyevə Sabunçu məktəbliləri adından dərin minnətdarlığımı bildirirəm”.
Tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsinə müsbət təsir göstərdiyini vurğulayan layihə iştirakçısı bildirib ki, aksiya çərçivəsində üç rayonun tarixi abidələri, mədəniyyət ocaqları ilə tanış olub, dağını, dərəsini seyr edib: “Təəssüratım o qədər böyükdür ki, sanki dünyanı gəzib gəlmişəm”.
Ekskursiyanın davamlı olmasını arzulayan A.Məmmədova bütün məktəblilərin bu turlardan yararlanmasının zəruriliyini vurğulayıb.