CƏMİYYƏT
Bərdədə polisə yalan məlumat verən şirkət işçisi saxlanılıb
Bakı, 5 noyabr, AZƏRTAC
Bərdə rayonundakı şirkətlərin birində maliyyəçi işləyən M.Cəfərov rayon polis şöbəsinə müraciət edərək noyabrın 2-də saat 20 radələrində Cəyirli kəndində idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurduğunu, huşunu itirdiyindən avtomobildə olan şirkətə məxsus təqribən 52 min manata yaxın pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla M.Cəfərovun polisə yalan məlumat verdiyi üzə çıxıb. Onun həmin məbləğdə pulu mənimsəyərək Ağdam rayon sakini olan qohumunun evində gizlətdiyi və qəsdən yol-nəqliyyat hadisəsi törədərək pulun oğurlanması barədə yalan məlumat verdiyi müəyyənləşdirilib.
M.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb, göstərilən miqdarda vəsait şirkətə qaytarılıb.