REGİONLAR
Beyləqan Mil Təcrübə Stansiyasında yerli sort pambıq toxumları uğurla sınaqdan keçirilir VİDEO
Beyləqan, 4 avqust, AZƏRTAC
Beyləqan rayonu Mil Təcrübə Stansiyasında sınaq üçün Azərbaycanın yerli sortlarından ibarət 49 növ pambıq toxumu becərilir.
AZƏRTAC xəbər verir ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Beyləqan rayonunda yerləşən Mil təcrübə stansiyasında yerli sort pambıq növləri sınaqdan keçirilir.
İnstitutun direktoru Elçin Xəlilov bildirib ki, həyata keçirilən işlərin əsas məqsədi yerli sort pambıq növlərinin inkişaf etdirilməsi, iqlimə uyğun, xəstəliklərə dözümlü və daha məhsuldar pambıq növlərinin yetişdirilməsidir. Artıq bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Həmçinin stansiyada keçirilən beynəlxalq təcrübələr də müsbət nəticə verib. Ötən il sınaqdan keçirilən tirəyə səpin və damla üsulu ilə becərmə işləri artıq bu ildən tarlalarda tətbiq edilir.
Texniki Bitkilərin Seleksiya Şöbəsinin müdiri Ələddin Tağıyev söyləyib ki, stansiyada 49 sortdan ibarət pambıq kolları becərilir. İlkin sınaq mərhələsindən uğurla çıxan növlər müsabiqəli sınağa keçirilir. Müsabiqəli sınaq mərhələsində seçilən sortlar isə 3 ilin orta məhsuldarlıq hesabına uyğun gəldikdə kütləvi əkini üçün təqdim edilir. Artıq müsabiqəli sınaq mərhələsində nailiyyətlər də əldə olunub. Bunların arasında orta lifli pambıq sortu “Gəncə 283” və zəruri lifli sort olan “Gəncə 290” sınaqdan uğurlu keçib. “Gəncə 290” sortu lifin daha uzun olması ilə seçilir. “Gəncə 283” isə daha çox məhsuldarlığı ilə fərqlənir. Elə bu məqsədlə onların dövlət sortuna təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ötən il aparılan təcrübələr nəticəsində isə “Gəncə 242” və “Gəncə 256” dövlət sortu üçün təqdim olunub.
Mil Təcrübə Stansiyasının direktoru Ramiz Şükürov onu da bildirib ki, 1968-ci ildən fəaliyyət göstərən stansiyanın ümumi sahəsi 185 hektardır. Burada yeni yaradılan sortlar sınaqdan keçirilir. Hazırda 85 hektar sahədə pambıq, qalan sahələrdə isə digər bitkilərin sınağı aparılır.