İQTİSADİYYAT
Beynəlxalq Enerji Agentliyi neft istehsalçısı ölkələrdən daha böyük həcmdə məhdudiyyət gözləmir
Bakı, 8 may, AZƏRTAC
Neft istehsalçısı ölkələrdən daha böyük həcmdə məhdudiyyət gözlənilmir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
F.Birol qeyd edib: “Normal şərtlərdə OPEC bu formada hasilat məhdudiyyətinə davam edəcək. ABŞ və Kanada kimi ölkələrdə neft istehsalı azalacaq. Biz də qiyməti bəlkə hazırkı səviyyələrdən bir az daha yüksək görəcəyik. Qiymətdə aşağı istiqamətli təzyiq ola bilər, lakin dünyada iqtisadi canlanma müşahidə ediləcək. Koronavirusun ikinci dalğası olmazsa və tələbatda canlanma müşahidə edilərsə neftin qiymətinin bu səviyyələrdən bir qədər yuxarı qalxacağını düşünürəm”.
O bildirib ki, enerji sektorunun 50 aparıcı şirkət rəhbəri ilə görüşlər keçirib. Hər kəs çox narahatdır və bütün şirkətdə ciddi işdən azadetmələr olacaq. Yeni enerji layihələri hazırlamaq üçün çox maraq azalıb. Lakin bəzi şirkətlər inkişaf etməkdə olan ölkələrdəki kiçik şirkətləri almaq üçün səy göstərəcək. İnkişaf edən və yüksək enerji tələbatı olan ölkələrdə çətin vəziyyətdə olan şirkətlərin satın alınması tendensiyası müşahidə ediləcək.
Xatırladaq ki, mayın 1-dən OPEC və bəzi qeyri-OPEC ölkələri (“OPEC+”) neft hasilatının məhdudlaşdırılması üzrə sazişin icrasına başlayıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri sutkalıq neft istehsalını may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldacaq.