REGİONLAR
Biləsuvarda 5 min hektardan çox pambıq sahəsində dondurma şumu aparılıb
Biləsuvar, 22 yanvar, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda ötən ilin sonlarından pambıq sahələrində əkin üçün başlanan şum işləri davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günə kimi rayonda 5 min 814 hektar sahədə dondurma şumu aparılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 71 hektar çoxdur. Əkinçilər bundan sonra daha 2 min 686 hektar sahədə şum aparmağı nəzərdə tutublar.
Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq cari ilin məhsulu üçün rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi ilə 8 min 500 hektar sahədə pambıq əkilməsi üçün 7 min 967 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb.
Qeyd edək ki, ötən il rayonda 10 min 61 hektar sahədə pambıq əkilib və 28 min 321 ton məhsul yığılıb.