REGİONLAR
Biləsuvarda keçidlərdə piyadalara yol verməyən sürücülər cərimələnib
Biləsuvar, 14 aprel, Mahir Babayev, AZƏRTAC
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən rayon ərazisində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Bu istiqamətdə təşkil olunan növbəti reyd zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib və barələrində inzibati protokol tərtib edilib.
Keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.