REGİONLAR
Biləsuvarda tərəvəz sahələrindən 4 min tondan çox məhsul toplanılıb
Biləsuvar, 29 iyul, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda tərəvəz yığımının qızğın çağıdır. Yarım ildə məhsul istehsalçıları becərdikləri tərəvəz sahəsindən 4 min 253 ton məhsul tədarük ediblər. Yığılan tərəvəz əsasən Bakı və Sumqayıt şəhərlərindəki bazar və ticarət şəbəkələrinə göndərilir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, biləsuvarlı əkinçilər cari ilin məhsulu üçün erkən yazda 1449 hektar sahədə tərəvəz əkiblər. Bu da ötən ildəkindən 198 hektar çoxdur. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri tərəvəz sahələrinin məhsulunu toplayırlar. İlin ötən altı ayında 464 hektar sahədə yığım aparılıb və 1449 ton məhsul tədarük olunub. Yığılan məhsulun 1253 tonunu xiyar, 207 tonunu pomidor, 132 tonunu badımcan, 9 tonunu bibər, 238 tonunu sarımsaq, 520 tonunu soğan, 1476 tonunu yaşıl noxud, 334 tonunu isə digər tərəvəz məhsulları təşkil edib. Tərəvəz yığımında rayonun Xırmandanlı, Günəşli, Ağayrı, Ağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən fermerlər xüsusilə fərqlənirlər.
Rayonda tərəvəz yığımı ilin sonuna qədər davam edəcək.