CƏMİYYƏT
Binəqədi rayonunda 400-dən çox mövsümi ağac əkilib
Bakı, 16 aprel, AZƏRTAC
Ekoloji durumun yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Binəqədi rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir.
Rayon icra hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülən işlər çərçivəsində Biləcəri-Binəqədi yolu, Bakı-Sumqayıt yolu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi, Binəqədi yolu Xırman MMC-nin arxa hissəsi, Gülüstan küçəsi 15-ci döngə, Novxanı yolu, Binəqədi gölünün ətrafı, Binəqədi–Xırdalan yolunun bir hissəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol yaşayış massivi, Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən Su Meliorasiya İdarəsinin arxa hissəsi və rayonun digər ərazilərində təmizlik aksiyaları keçirilib, ərazilər müxtəlif növ tullantılardan, qabaritlərdən təmizlənib.
Keçirilən aksiyanın əsas məqsədi ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən ətraf ərazidə təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsidir. Ümumilikdə, “Təmizlik ayı” çərçivəsində müxtəlif növ məişət tullantılarının 65 xüsusi maşınla daşınması həyata keçirilib, 400-dən çox müxtəlif növ mövsümi ağaclar əkilib. Əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll edilib. Həmçinin ilboyu həmin ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.
Bundan başqa, qəsəbələrdə 978 ədəd zibil konteyneri rənglənib, ehtiyac duyulan konteynerlərdə təmir işləri görülüb. Qanunsuz çəpərlənmiş ərazilərdə müvafiq qaydada təmizləmə işləri həyata keçirilib. Qəsəbə və yaşayış məntəqələrində yerləşən binaların fasadları təmir edilib, yol kənarları boyu tozlu ağaclar yuyulub.
Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulub.