İQTİSADİYYAT
Birinci rübdə Səngəçal terminalından 60 milyon bareldən çox neft və kondensat göndərilib
Bakı, 29 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Səngəçal terminalı 60 milyon bareldən çox neft və kondensat, o cümlədən 52 milyon barel Bakı-Tbilisi-Ceyhanla (BTC) və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə (QİBK) ixrac edib.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, birinci rübdə terminaldan, həmçinin gündəlik orta hesabla 56 milyon standart kubmetr (1 milyard 897 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac olunub.
Üç ayda “Azəri-Çıraq-Günəşli” ilə “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və “Şahdəniz” qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.