İDMAN
Boks üzrə Avropa çempionatında 39 ölkənin idmançıları qüvvələrini sınayacaqlar
Bakı, 13 mart, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, martın 13-dən 23-dək keçiriləcək yarışda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub. Komandamızın heyətində rinqə əvvəlcə Cəlal Qurbanov (63,5 kq) çıxacaq. O, bu gün finlandiyalı Yere Niemelainenlə üz-üzə gələcək.
Martın 14-də Nəbi İsgəndərov (67 kq) Luka Nikabadze (Gürcüstan), Mirşərif Kazımzadə (75 kq) Hikki Sam (Şotlandiya), martın 15-də Murad Allahverdiyev (80 kq) Kromvell Kommi (İtaliya)- Rafael Monni (Fransa) cütünün qalibi ilə görüşəcəklər.
Martın 19-da isə komandamızın digər üzvləri Nicat Hüseynov (51 kq) Antonio Payva (İrlandiya) ilə rinqə çıxacaq. Ruslan Qədirov (54 kq) Marian Çinio (Rumıniya) - Başkim Bayoku (Kosovo), Maqsud Xasmetov (57 kq) Matteu Teylor (İrlandiya) - Taha Akkoyun (Türkiyə) qarşılaşmasının qalibi ilə rinqə görüşəcək.
Qeyd edək ki, Avropa çempionatında 39 ölkədən 213 oğlan, 102 qız boksçu mükafatlar uğrunda mübarizə aparacaq.