İDMAN


Boyanka Kostova: Ümid edirəm, Olimpiya Oyunlarında da medal qazanacağam VİDEO

Bakı, 17 aprel, AZƏRTAC

Qarşıda Rio-de-Janeyro Olimpiya Oyunları var. Ümid edirəm ki, Olimpiadada medal qazanacağam.

Bunu AZƏRTAC-a müsahibəsində ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Boyanka Kostova deyib. O deyib: “Son çıxışımdan çox razıyam. Fikrimcə, məşqçilər də nəticədən razıdırlar. Ümumən yarışlar çox yaxşı keçdi. Məncə, zəruri olan hər şeyi etdim. Hərçənd Olimpiadada rəqabət daha güclüdür. Çin və Tailanddan olan idmançıları özümə əsas rəqiblər sayıram. Qazandığım medal sübut etdi ki, hazırda Avropada mənə rəqib olacaq idmançı yoxdur”.

Xatırladaq ki, 58 kiloqram çəki dərəcəsində çıxış edən B.Kostova Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. İki cəhddən ibarət yarışların yekunlarına görə, B.Kostova 235 kiloqramlıq (130 kq birdənqaldırmada, 105 kq təkanla) nəticə göstərib. B.Kostova 58 kiloqram çəki dərəcəsində ağır atletika üzrə dünya və üçqat Avropa çempionudur.

Ağır atletika üzrə yığmamızın baş məşqçisi Nizami Paşayev əminliklə bildirib ki, Azərbaycanın ağır atletləri Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcək, bayrağımızı yüksəyə qaldıracaq və Rio-de-Janeyroda dövlət himnimizi səsləndirəcəklər.

Sonuncu qitə çempionatındakı nəticələri kifayət qədər yaxşı sayan N.Paşayev deyib: “Bildiyiniz kimi, Avropa çempionatına səkkiz atletlə getmişdik. İstər qadınlar, istərsə də kişilər arasında yarışlarda ölkəmizi dörd idmançı təmsil edirdi. Əsas məqsəd Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. Doğrudur, yarışlardan bir gün əvvəl qayıtdıq və hələ neçə lisenziya qazandığımızı dəqiq bilmirik. Boyanka Kostovanın nəticəsi isə çox yaxşıdır. Ümid edirik ki, o, bu uğuru Olimpiadada da təkrarlayacaq”.

Yığmanın baş məşqçisi idmançılar üçün yaradılmış yaxşı şəraitə görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə minnətdarlığını bildirərək deyib: “Fürsətdən istifadə edərək Prezident İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, habelə Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova minnətdarlığımı bildirirəm. Söz verirəm ki, gələcəkdə də yüksək səviyyədə çıxış edəcək və Rio Olimpiasından qələbə ilə geri qayıdacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.