REGİONLAR
Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib
Tovuz, 9 may, Rauf Hacıyev, AZƏRTAC
Tovuzdadə faşizm üzərində qələbənin 74-cü il dönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Tovuz şəhərindəki Qəhrəmanlar parkında keçirilib.
Mərasimdə rayon rəsmiləri, Böyük Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib, onlardan yalnız 3612 nəfəri sağ qayıdıb. Tovuz həm də keçmiş SSR-də yeganə rayondur ki, onun üç Sovet İttifaqı Qəhrəmanı olub.
Sonra mərasim iştirakçıları Sovet İttifaqı qəhrəmanları Yusif Sadıqov, Mərdan Musayev və Məstan Əliyevin parkda ucaldılmış büstü önünə tər güllər düzüblər. Tədbir iştirakçıları həm də “1941-1945” abidə kompleksini ziyarət edərək həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad ediblər.
Sonda müharibə veteranları üçün bayram süfrəsi açılıb.
Həmin gün səhhəti ilə bağlı Tovuz şəhərindəki bayram tədbirinə qatıla bilməyən müharibə veteranları rayon rəhbərliyi tərəfindən evlərində ziyarət edilib.
Qeyd edilib ki, müharibə qəhrəmanları gənclərin vətənpərvərlik hissinin yüksəldilməsində əvvəzsiz rol oynayırlar. Bugünkü müstəqil Azərbaycanın uğurlarında həm də Böyük Vətən müharibəsi veteranlarının payı olduğuna görə onlar daim minnətdarlıq hissi ilə yad edilirlər.
Müharibə veteranları onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edərək onların sosial müdafiəsinin gücləndirilməsində həyata keçirilən ardıcıl tədbirlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.