Bu gün mundialın qrup mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək
AzerTAg.az

Bakı, 30 noyabr, AZƏRTAC
Qətərdə futbol üzrə dünya çempionatının qrup mərhələsində üçüncü turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oyun günündə C və D qruplarında mübarizəyə yekun vurulacaq.
C qrupu çərçivəsində Polşa - Argentina və Səudiyyə Ərəbistanı - Meksika oyunları keçiriləcək. “Stadium 974”də oynanılacaq Polşa - Argentina matçını niderlandlı hakim Danni Desmond Makkeli idarə edəcək. "Lusail" stadionunda keçiriləcək digər matç isə Maykl Oliverə (İngiltərə) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Hesabında 4 xal olan Polşa millisi qrupa liderlik edir. Argentina və Səudiyyə Ərəbistanı milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Meksikanın isə aktivində 1 xal var.
D qrupu çərçivəsində isə Avstraliya-Danimarka və Tunis-Fransa matçları oynanılacaq. Hər iki oyuna saat 19:00-da start veriləcək. “Əl Canub” stadionunda keçiriləcək Avstraliya-Danimarka matçı əlcəzairli hakim Mustafa Qorbal idarə edəcək. “Edukeyşn Siti” stadionunda təşkil olunacaq digər oyun isə ABŞ-dan olan hakim Mettyu Konqerə tapşırılıb.
Fransa millisi 6 xalla pley-off mərhələsinə vəsiqəni təmin edib. Avstraliya 3 xalla ikinci, Danimarka və Tunis isə 1 xalla üçüncü-dördüncü yerdədirlər.
Qeyd edək ki, Fransa, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə və ABŞ səkkizdəbir final mərhələsinə yüksəliblər.
Xəbərin mətnində orfoqrafik səhv var