REGİONLAR
Bu il Saatlıda 13 min hektardan çox sahədə pambıq əkiləcək
Saatlı, 28 mart, Mahir Babayev, AZƏRTAC
Respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda cari ilin məhsulu üçün çiyid səpininə hazırlıq işləri görülür.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il Saatlıda 13 min 742 hektar sahədə pambıq əkini aparmaq nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” istehsal edən pambıqçılar bu il də məhsul istehsalında fərqlənmək üçün bütün lazımi tədbirləri vaxtında həyata keçirirlər. Bu məqsədlə rayonda fəaliyyət göstərən 4 pambıq emalı müəssisəsi 2 min 473 məhsul istehsalçısı ilə müqavilə bağlayıb, 15 min hektar sahədə qış şumu aparılaraq arata qoyulub, suvarma kanalları lildən təmizlənib. Hazırda çiyid səpiləcək sahələrdə malalama işlərinə hazırlıq görülür və bəzi ərazi nümayəndəliklərində bu işə başlanılıb.
Qeyd edək ki, ötən il Saatlıda 15 min 815 hektar pambıq sahəsindən 30 min 447 ton məhsul yığılıb. Pambıqçılar cari ildə məhsul istehsalını 32 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.