REGİONLAR
Bu il Şəkidə quru tütün istehsalının 2850 tona çatacağı gözlənilir
Şəki, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Şəki rayonunun təsərrüfatlarında 649 hektar sahədə “Virciniya” növlü ətirli, 228 hektar sahədə isə yerli tütün sortları yetişdirilib. Artıq təsərrüfatlarda tütünün yığımı və qurudulması prosesi başa çatmaq üzrədir. Fermerlər indiyədək sahələrdən 25 min 146 ton yaşıl tütün kütləsi yığıblar. Eyni zamanda, şəkili fermerlər mövsümün əvvəlindən indiyədək yetişdirdikləri tütün sortlarından 2 min 709 ton quru tütün istehsal ediblər. Mövsümün sonunadək quru tütün istehsalının 2 min 850 tona çatacağı gözlənilir. Ötən il isə rayonda 2 min 631 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyəti aparatının məsul nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərir. Belə ki, bu il Şəki rayonunda tütünün əkini, becərilməsi və yığılması işlərinə iki minə yaxın kənd sakini cəlb olunub.