SİYASƏT
Budapeşt konfransında Xocalı və Srebrenitsa soyqırımları dəfələrlə bir yerdə xatırlanıb
Budapeşt, 24 fevral, AZƏRTAC
Budapeştdə “İnsan faciələrinin izləri: vətəndaş fəallığının gələcəyi” mövzusunda konfransda ekspertlərin çıxışları davam edir.
AZƏRTAC xəbər verir ki, ikinci panel iclası Sosial Birlik uğrunda Avropa Müsəlman Təşəbbüsünün mətbuat katibi (SBAMT) Veysel Filitsin moderatorluğu ilə keçirilib. İclasda SBAMT-ın baş katibi, İrqçiliyə qarşı Avropa Şəbəkəsinin Məşvərət Şurasının sədri Başi Qurayşi, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin baş katibinin müavini Sevinc İsgəndərova və İrqçiliyə qarşı Avropa Şəbəkəsi Şurasının üzvü Marsel Lorints çıxış ediblər.
Natiqlər öz çıxışlarında bildiriblər ki, soyqırımları adətən beynəlxalq birliyin fəaliyyətsizliyi və biganəliyi fonunda baş verir. Cəzasız qalmış hər bir soyqırımı, o cümlədən Xocalı soyqırımı başqa soyqırımlara səbəb olur.
Bütün konfrans boyu Xocalı və Srebrenitsa soyqırımlarının adları qoşa çəkilib. Məruzəçilər bu iki faciənin oxşarlığını qeyd etməklə bərabər, onlar arasında başlıca fərqi vurğulayıblar: bir halda beynəlxalq tribunal sayəsində ədalət zəfər çaldığı halda, digər halda bəşəriyyət əleyhinə dəhşətli cinayətin üstündən sakitcə keçilib. Bildirilib ki, məhz dünya birliyinin Xocalı soyqırımına biganə münasibəti və bu cinayəti törətmiş erməni hərbi qulluqçularının cəzasızlığı Srebrenitsada oxşar, lakin daha irimiqyaslı cinayətin təkrarlanmasına gətirib çıxarıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt