SİYASƏT
CƏLAL ƏLİYEVİN MOSKVADA KİTABI NƏŞR EDİLMİŞDİR
“Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin “soyqırımı” adlı kitab Moskvada rus dilində böyük tirajla çapdan çıxmışdır. Kitabın əsas müəllifi məşhur bioloq alim, seleksiyaçı, genetik, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, “Azərbaycanın genetik ehtiyatları” proqramının rəhbəri, ictimai-siyasi xadim, Milli Məclisin deputatı Cəlal Əliyevdir. MEA-nın akademiki, coğrafiya elmləri doktoru, çoxsaylı elmi əsərlərin müəllifi Budaq Budaqov isə kitabın həmmüəllifidir.
Tarixi faktlar və elmi araşdırmalar əsasında yazılan kitabda ermənilərin bütün dünyaya qəbul etdirməyə can atdıqları uydurma 1915-ci il “soyqırımı” ilə bağlı əsl həqiqət, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi və mənəvi iddialarının qaynaqları və səbəbləri açıqlanır, habelə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımından, soydaşlarımızın əzəli torpaqlarından vəhşicəsinə didərgin salınmasından bəhs edən arxiv sənədləri, tarixi faktlar göstərilir.
Kitabda Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində yaranmış vəziyyət araşdırılır, Ermənistan tərəfindən Qafqaza raket zərbəsi təhlükəsinin olmasından danışılır, Ermənistanın Gümrü şəhərində, habelə Dağlıq Qarabağın Xankəndi və Şuşa şəhərlərində çoxlu ağır döyüş texnikasının cəmləşdirildiyi və bütün bu silahların təkcə Qafqazın deyil, həm də bütün həmsərhəd dövlətlərin təhlükəsizliyinə qdrxu törətdiyi göstərilir.
Şübhə yoxdur ki, Cəlal Əliyevin və Budaq Budaqovun kitabınınm Moskvada nəşr edilməsi tarixi faktlar haqqında doğru-düzgün məlumatın geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva