DÜNYA
CƏNUBİ QAFQAZDA MÜNAQİŞƏLƏR ZAMANI XƏBƏRSİZ İTKİN DÜŞƏN 7,5 MİNDƏN ÇOX İNSANIN TALEYİ İNDİYƏDƏK MƏLUM DEYİLDİR
AZƏRTAC İTAR-TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyada baş verən silahlı münaqişələr zamanı xəbərsiz itkin düşən 7,5 min nəfərdən artıq adamın taleyi indiyədək məlum deyildir. Bu, Avropa Şurası Parlament Assambleyası Daimi komissiyasının mayın 24-də Belqradda keçirilən iclasındakı bəyanatında bildirilir.
Daimi komissiya təəssüflə bildirilir ki, hərbi müdaxilənin dayandırılmasından 12 il keçməsinə baxmayaraq, xəbərsiz itkin düşənlər problemi öz həllini tapmamışdır. Bu, insan hüquqları və beynəlxalq humanitar hüquqla əlaqədar humanitar problemdir. Daimi komissiyanın qəbul etdiyi qətnamə üç ölkə üzrə bir sıra təklifləri - xəbərsiz itkin düşənlərin ümumi siyahısının tutulmasını, itkin düşənlərin axtarışı ilə birgə məşğul olan komissiyalar arasında qarşılıqlı fəaliyyətin hərtərəfli mexanizminin yaradılmasını, insan qalıqlarının identifikasiyası və dəfn olunmasını nəzərdə tutur. Qətnamədə həmçinin xatırladılır ki, xəbərsiz itkin düşənlərin ailələrinin sosial, maddi və psixoloji dəstəyə, itkin düşənlərin özlərinin isə hörmətə ehtiyacları var.