ELM VƏ TƏHSİL
CƏNUBİ QAFQAZ ÖLKƏLƏRİNDƏ TƏHSİLİN PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
YUNESKO-nun xətti ilə Tbilisidə Cənubi Qafqaz ölkələrində təhsil problemlərinə dair seminar keçirilmişdir. Seminarda Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələri ilə yanaşı, ABŞ, Fransa, İsveçrə, Rusiya, Litva, Latviya və digər dövlətlərin təmsilçiləri, xarici diplomatlar və tanınmış təhsil xadimləri də iştirak etmişlər. Tədbirdə Azərbaycan nümayəndələrindən Dillər Universitetinin prorektoru İ.Mərdanov, Texniki Universitetin dekanı E.Mustafayev və Bakı Dövlət Universitetinin kafedra müdiri A.Məmmədov çıxış edərək, ölkəmizdə təhsilin vəziyyətindən, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanması üçün görülən tədbirlərdən, təhsil sistemində aparılan islahatlardan və Prezident Heydər Əliyevin təhsilə və təhsil işçilərinə böyük qayğı və diqqətindən danışdılar. Sonda sessiya iştirakçıları Cənubi Qafqaz dövlətlərində təhsil sisteminin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli yolları və digər məsələlər barədə fikir mübadiləsi apardılar.