CƏMİYYƏT
Çili mətbuatı: Azərbaycan ekoloji terrorun qurbanı kimi
Bakı, 14 iyul, AZƏRTAC
Çili mətbuatında Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu ərazisindən axan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və bu məsələdə Ermənistanın dövlət məsuliyyəti ilə yanaşı, çayın çirkləndirilməsinə səbəb olan müvafiq şirkətlərin hüquqi məsuliyyəti barədə “Azərbaycan: Ekoloji terrorun qurbanı kimi” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllifi siyasi təhlilçi-jurnalist Pablo Xofre Leal olan məqalədə Ermənistanın uzun illərdir Azərbaycana qarşı ekoloji terror siyasəti həyata keçirdiyi, su mənbələrini, su axarlarını, o cümlədən Araz çayının qolu olan Oxçuçayın çirkləndirilməsi, bu prosesdə Ermənistanda mədənçıxarma sahəsi üzrə fəaliyyət göstərən Almaniyanın “Cronimet Holding” şirkətinin ekostandartlara uyğun olmayan fəaliyyəti və erməni lobbi qrupu ilə əlaqəsi barədə məlumat verilir. Yalnız Azərbaycan üçün deyil, ümumilikdə regionun ekoloji tarazlığının pozulmasına səbəb olan bu fəlakətlə bağlı Azərbaycan hökuməti tərəfindən, eləcə də Zəngilan rayonunun sakinləri adından müvafiq qurumlara məktublar ünvanlandığı bildirilir.
Müəllif yaranmış problemin çaydan suvarma məqsədilə istifadəni qeyri-mümkün etdiyini, balıqların kütləvi şəkildə məhv olmasına, bununla da biosistemin pozulmasına gətirib çıxardığını bildirərək, rəsmi Bakının bu ekoloji fəlakətin qarşısının alınmasında birgə regional və beynəlxalq əməkdaşlığa çağırış etdiyini, eləcə də ətraf mühitə hörmətlə yanaşılması, bu sahədə müqavilələrin imzalanması üçün digər dövlətlərə təzyiq göstərən ölkələr tərəfindən öz şirkətlərinə qarşı da eyni qətiyyətli münasibət göstərilməsinin vacibliyini vurğulayıb.