DÜNYA
Çində leysan 3 nəfərin ölümünə, minlərlə sakinin təxliyə edilməsinə səbəb olub VİDEO
Pekin, 22 iyun, AZƏRTAC
Çinin cənub-qərbindəki Quycou vilayətində leysanın əmələ gətirdiyi sel və daşqınlar 3 nəfərin ölümünə, 10 mindən çox sakinin təxliyə edilməsinə səbəb olub.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, daşqın dağlıq ərazidə yerləşən Toncı qəzasında təxminən 12 saat davam edən şiddətli yağışlardan sonra yaranıb. Yaşayış məntəqəsində 10 ev dağılıb, mindən çox tikili isə su basması nəticəsində yararsız hala düşüb. Bölgədə 715 hektar əkin sahəsində məhsul məhv olub.
Təbii fəlakət Toncı qəzasının bir neçə qəsəbəsində elektrik təchizatı və telekommunikasiya xidmətlərinin dayanmasına səbəb olub.
Çinin bəzi bölgələrində isə şiddətli yağışlardan sonra çay və su anbarlarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Çunçin şəhərindəki 8 çayda, Anhuy vilayətində isə 251 rezervuarda bu cür vəziyyət yaranıb. Bəzi yaşayış məntəqələrində küçələr, yollar suyun altında qalıb.
Meteoroloqların leysan ilə əlaqədar növbəti xəbərdarlığında Anhuy, Hubey, Quycou, Cıcian, Heyloncian və Cilin vilayətlərində, Çunçin şəhərində və Daxili Monqolustan muxtar bölgəsində şiddətli yağışların, habelə güclü küləyin müşahidə olunacağı bildirilir. Yerli hakimiyyət orqanlarına sel, daşqın, torpaq sürüşməsi və palçıq axını kimi fəlakətlərə hazır olmaq əmri verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin