CƏMİYYƏT
Cari ilin əvvəlindən Gürcüstandan 3 mindən çox insan qızılcaya yoluxub
Tbilisi, 18 aprel, AZƏRTAC
Gürcüstanda 2019-cu ilin yanvar ayından bu günədək 3 mindən çox insan qızılcaya yoluxub. Bu da ölkədə qızılca epidemiyası təhlükəsindən xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata Gürcüstanın Xəstəliklərə və İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, ölkədə hər gün 15-25 yeni yoluxma halları qeydə alınır. Bu isə həyəcan doğuran bir amildir.
A.Qamkrelidze deyib ki, 2019-cu ilin əvvəlindən bu günədək 3 172 nəfər qızılcaya yoluxub. Ölkə üzrə 118 min nəfər qızılcaya qarşı peyvənd olunub. Lakin bu rəqəm çox azdır. Xəstəliyə qarşı mübarizənin daha effektiv olması üçün ölkədə ən azı 350 min nəfərin peyvənd olunması lazımdır.
Qızılcaya yoluxma hallarına ən çox paytaxt Tbilisidə rast gəlinir. Sonrakı yerləri İmereti, Sameqrelo-Zemo Svaneti və Kaxeti bölgələri tutur.
Qızılcaya ən çox 1 yaşadək olan körpələrdə rast gəlinir.
Milli Mərkəz əhalini daha çox diqqətli olmağa, peyvənd olunmağa dəvət edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi