MƏDƏNİYYƏT
Cari ilin son infoturu Azərbaycanın folklor paytaxtı Lənkəran şəhərinə təşkil ediləcəkdir
Bakı, 14 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq olunması haqqında” 2011-ci il 20 iyul tarixli Sərəncamının müvafiq bəndlərinin icrası ilə əlaqədar regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərinin mütəmadi təşkili, daxili turizm bazarının fəallığını artırmaq məqsədi ilə layihələr həyata keçirilir.
“Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev AZƏRTAC-a bildirmişdir ki, “Azərbaycanda yeni marşrutlar kəşf edək” devizi altında son 2 ildə 18-dən çox infotur təşkil edilmişdir.
Cari ildə isə 4 infoturun artıq başa çatdığını söyləyən R.Quliyev demişdir ki, bu il üçün nəzərdə tutulmuş son belə turizm səfəri Azərbaycanın folklor paytaxtı Lənkəran şəhərinə təşkil ediləcəkdir. Sonda bu infoturlar “Turizm ili” çərçivəsində hazırlanacaq yekun sənəddə öz əksini tapacaqdır.
İnfoturların məqsədi bölgələrin turizm potensialını, mövcud infrastrukturunu, əsas turizm xidmətlərini nümayiş etdirmək, daxili turizm bazarının fəallığını artırmaq, regionda fəaliyyət göstərən istirahət komplekslərinin şirkətlərlə əməkdaşlığını təmin etməkdən ibarətdir.