İQTİSADİYYAT
“Caspian European Club”un ekspert şurasının iclası keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də “Caspian European Club”un ekspert şurasının qapalı iclası təşkil edilib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, toplantıda çıxış edən klubun baş icraçı direktoru Mustafa Abbasbəyli “Caspian European Club”un şirkətləri ilə dialoqa açıq və hazır olmasına görə yeni təyin olunmuş Azərbaycanın vergilər naziri Mikayıl Cabbarova minnətdarlığını bildirib: “Nazir hər zaman bizimlə təmasdadır, klub üzvlərinin xahiş və təkliflərinə operativ şəkildə reaksiya göstərir”.
M.Abbasbəyli qeyd edib ki, sözügedən tədbirin təşkilində məqsəd müvafiq qurumlara göndəriləcək vergi, gömrük, bank və sığorta sahələrinə dair təkliflər paketinin və onların həlli yollarının müzakirəsi və təsdiqidir. Onun sözlərinə görə, “Caspian European Club” 2018-ci ildə bir sıra tədbirlər təşkil etməyi planlaşdırır. Onlardan biri fevralın 28-də keçiriləcək “Caspian Energy Finance Forum”dur. “Caspian Energy Finance Forum”da Azərbaycanın maliyyə, bank və sığorta sektorlarında çalışan dövlət rəsmilərinin iştirakı gözlənilir.
O xatırladıb ki, “Caspian European Club”un ekspert şurası beynəlxalq təcrübəyə əsaslanaraq klubun üzv şirkətləri ilə birgə Azərbaycanda sahibkarlığın inkişafına və tənzimləyici orqanlar tərəfindən özəl sektorun fəaliyyətinə edilən müdaxilələrin minimuma endirilməsinə dair təkliflər hazırlayıb.
Klubun təkliflərinin böyük hissəsinin qəbul olunduğunu qeyd edən baş icraçı direktor “Caspian European Club”un ekspert şurasının fəaliyyətinin səmərəliliyini vurğulayıb.
“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club”un sədri Prezident İlham Əliyevdir.
Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.