REGİONLAR
Cəlilabadda avtomobildən 3 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb
Cəlilabad, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı şəhər sakinləri R.Ramazanov və A.Bəşirov sonuncunun idarə etdiyi “VAZ-21014” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, avtomobilə keçirilən baxış zamanı ön sərnişin oturacağının alt hissəsində 1 ədəd bağlamada çəkisi 1 kiloqram 320 qram heroin, 2 ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
R.Ramazanovun həmin narkotik vasitə və psixotrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdiyi və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdüyü müəyyən olunub.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.