İQTİSADİYYAT
“Cənub Qaz Dəhlizi”: Dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” (Southern Gas Corridor - SGC) dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu zəncirin halqalarını isə - “Şahdəniz-2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərləri layihələri təşkil edir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.
Layihənin icrası məqsədilə Dövlət Komissiyası və “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılıb. Azərbaycan tərəfindən layihələrin iradə edilməsi SOCAR-ın “SOCAR Upstream Management International” və “SOCAR Midstream Operations” şirkətləri tərəfindən həyata keçirilir. Həmin şirkətlər layihələrin tərkibində yaradılmış bütün komitələrdə iştirak edir və operatorlarla birgə layihənin icrasında əməkdaşlıq edirlər. SOCAR layihələrdə dövlətin maraqlarını təmin etməklə yanaşı, əsas qərarların qəbul edilməsində də iştirakçıdır. “Cənub Qaz Dəhlizi” QSC-də dövlət 51 faiz, SOCAR isə 49 faiz iştirak payına sahibdir. Layihənin maliyyələşdirilməsi isə “Şahdəniz-1”dən əldə edilən gəlirlərin sərmayə olaraq yatırılması, o cümlədən də “Cənub Qaz Dəhlizi” QSC-nin səhm kapitalına, yerli və xarici maliyyə bazarlarından cəlb olunmuş borc vəsaitləri hesabına həyata keçirilir.
Dünyanın ən böyük qaz yatağı işlənmə layihələrindən biri olan “Şahdəniz-2”yə iki yeni platforma, 26 qazma quyusu, sualtı avadanlıqlar, Şəngəçal terminalının genişləndirilməsi və 500 kilometrlik sualtı boru kəmərləri daxildir. Hazırda layihə üçün 23 ölkədən 162 avadanlıq təchizatçısı cəlb olunub. Layihə üzrə indiyədək mühəndislik, tikinti və təchizat işləri ilə əlaqəli 11 milyard ABŞ dolları dəyərində əsas müqavilələr imzalanıb. Azərbaycanda bütün əsas müqavilələr üzrə 12 min 500 nəfərdən çox insan işləyir və onların 85 faizdən çoxu yerli işçi qüvvəsidir.
Hazırda “Şahdəniz-2” layihəsi üzrə işlər uğurla davam etdirilir və qrafiki qabaqlayır. Bu il aprelin sonunadək nəzərdə tutulan 26 quyudan 9-u qazılıb. Aprelin əvvəlinə ilk qazın hasilatı üzrə görüləcək işlərin səviyyəsi qrafikdən 2,5 faiz irəlidədir. Layihə üzrə ümumi işlər 74,2 faiz həcmində (plan 71,7 faiz) yerinə yetirilib. 2014-2020-ci illər üzrə “Şahdəniz-2”nin ümumi kapital xərcləri inflyasiya nəzərə alınmaqla təxminən 24 milyard dollar təşkil edir ki, bu məbləğin 12 milyard dollarından artıq istifadə edilib.
Layihə üzrə Türkiyəyə ilk təbii qaz ixracı 2018-ci, Avropaya isə 2020-ci ildə planlaşdırılır. Layihənin iştirakçıları BP-operator (28,83 faiz), “TPAO” (19 faiz), “NICO” (10 faiz), “LUKOIL” (10 faiz), “AzSD” (10 faiz), “SGC Upstream” (6,67 faiz) və “Petronas” (15,5 faiz) şirkətləridir.
“Cənub Qaz Dəhlizi”nin digər tərkib hissəsi olan “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsi Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 düyüm diametr ölçüsündəki boru kəmərinin, o cümlədən də Gürcüstanda 2 kompressor stansiyasının inşasını əhatə edir. CQBKG layihəsi 2013-cü ildən icra edilməyə başlayıb və 2018-ci ilin ortalarında yekunlaşdırılması planlaşdırılır. Boru kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP-a qoşulacaq ki, bu da Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya çatdırılmasına xidmət edəcək. Layihənin ümumi dəyəri 4,9 milyard dollardır. CQBKG üzrə 2020-ci ilədək Azərbaycan şirkətlərinin xərclərinin ümumilikdə 820 milyon dollar olması gözlənilir.
Genişləndirmə nəticəsində Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) ötürücülük qabiliyyəti 16 milyard kubmetr artırılaraq 23,4 milyard kubmetrə çatdırılacaq. Bununla da qaz nəqlinin həcmi 3 dəfəyədək artacaq. Yeni boru kəmərinin uzunluğu Azərbaycan ərazisində 424 kilometr, Gürcüstan ərazisində 61 kilometr, TANAP-a bağlantısı isə 2 kilometrdir. Bu il mayın sonlarınadək layihə üzrə işlərin 57,4 faizi yerinə yetirilib.
TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əşkişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi - Əskişəhər 56 düyüm diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əşkişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düyüm diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düyüm diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Bu ilin mayınadək layihənin ümumi inkişafı 26,3 faiz təşkil edir. Bu dövrədək 1166 kilometrlik borular istehsal olunub, 929 kilometr uzunluğunda borular tikinti sahələrinə çatdırılıb və 533 kilometr borunun qaynağı tamamlanıb. Həmin tarixədək layihələrə 2 milyard 91,2 milyon dollar həcmində sərmayə qoyulub. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
“Cənub Qaz Dəhlizi”nin sonuncu halqası və Avropa hissəsi isə TAP qaz boru kəməridir. TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
TAP boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düyümdür (sualtı hissə - 36 düyüm). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Mayın sonlarına kimi layihə üzrə iş həcminin 19,5 faizi yerinə yetirilib və ümumilikdə 877 milyon avro həcmində sərmayə qoyulub. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrası müddətində ümumilikdə 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini məhz Azərbaycanda açılacaq. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.
Bir sözlə neft strategiyasının son illər ölkəmizə gətirdiyi böyük dividentlərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə böyük ümidlər bəslənən təbii qaz ixracatçısına çevrilməsidir. Mənbəyini məhz “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial hazırda Azərbaycanı regionun neft-qaz dövlətinə çevirib. Bütün bunlarla yanaşı “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qitənin qaz nəqli infrastrukturunun şaxələndirilməsində əhəmiyyətli rol oynayacaq.
Nihad Budaqov
AZƏRTAC-ın müxbiri