DÜNYA
Cənubi Koreya KXDR-dən koreyalararası əlaqə xəttinin bərpasını tələb edib
Bakı, 15 iyun, AZƏRTAC
Koreyalararası əlaqə kanallarının fəaliyyəti hər hansı ilkin şərt olmadan təcili bərpa edilməlidir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Respublikasının Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Seulda təşkil olunan brifinqdə deyib.
“Əlaqə kanalları daha vacib kommunikasiya vasitəsidir və hər iki Koreya əlaqəni saxlamaq barədə dəfələrlə razılaşma əldə edib”, - deyə məmur bildirib.
Qeyd edək ki, KXDR Cənubi Koreyanın qeyri-hökumət təşkilatlarının fəalları tərəfindən hökumət əleyhinə vərəqələrlə dolu hava şarlarının ölkə ərazisinə göndərilməsinə cavab olaraq ötən il iyunun 9-dan etibarən Koreya Respublikası ilə bütün rabitə xətlərini bağlayıb. QHT-lərin bu addımını ikitərəfli sülh sazişini pozan düşmənçilik hərəkəti kimi qiymətləndirən Pxenyan cavab tədbiri qismində koreyalararası əlaqə bürosundakı bütün telefonları, o cümlədən Şimal ilə Cənub hərbçiləri arasındakı rabitə kanallarını, habelə Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin binası ilə Koreya Respublikası Prezidentinin iqamətgahını birləşdirən qaynar xətti kəsib. Şimali Koreya, həmçinin sərhədyanı Keson şəhərində koreyalararası rabitə bürosunun yerləşdiyi binanı partladıb.
KXDR o vaxtdan bəri Cənubi Koreyanın danışıqların və əməkdaşlığın bərpası təkliflərinə cavab vermir.