DÜNYA
Cənubi Koreyada sərt karantin rejiminin tətbiqinə başlanılıb
Pekin, 12 iyul, AZƏRTAC
COVID-19 infeksiyasına sutkalıq yoluxma hallarının çoxaldığı Cənubi Koreyada iyulun 12-dən etibarən sərt karantin rejiminin tətbiqinə başlanılıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, əsas yoluxma ocaqları olan paytaxt Seul və ətrafında, Qyonqci vilayətində və İnçon şəhərində 2 həftəlik ən yüksək səviyyədə sosial məsafə rejimi tətbiq olunur. Belə ki, tədris ocaqlarında dərslər dayandırılıb, 3 nəfərdən çox insanın toplaşması, əyləncə mərkəzlərinin fəaliyyəti, idman oyunlarının təşkili qadağan edilib, kafe və restoranlar isə saat 22:00-dək çalışa biləcək. Bundan başqa, nikah və dəfn mərasimlərində yalnız yaxın qohumların iştirakına icazə verilir.
Cənubi Koreyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzi ölkədə yeni növ koronavirusun daha təhlükəli ştamı olan “delta”nın yayılmasından narahatdır. Səlahiyyətli qurumlar iyulun sonunadək sutkalıq yoluxma sayının təxminən 2 dəfə artacağını proqnozlaşdırıb.
Qeyd edək ki, pandemiyanın 4-cü və daha ağır dalğasının müşahidə olunduğu Cənubi Koreyada son 6 gündür sutkalıq yoluxma sayı 1000-dən yuxarı olur. Ötən sutka 1100 yoluxma, iyulun 9-da isə pandemiya dövrünün ən yüksək göstəricisi (1378 yoluxma) qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin