REGİONLAR
Cüdo üzrə “Yaponiya səfirinin kuboku” yarışı başa çatıb
Göygöl, 27 iyul, Elcan Məmmədov, AZƏRTAC
İyulun 27-də ölkəmizdə cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə “Yaponiya səfirinin kuboku” Gəncə şəhər açıq birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirin məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərməkdir. Eyni zamanda, kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsilə sağlam həyat tərzinin formalaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
U-15 kiçik yaşlı yeniyetmələr arasında təşkil olunan turnirdə 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb. Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Gəncə şəhərindən və digər regionlardan 35 komanda iştirak edib.
Tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək şəhərdə cüdo idman növünə böyük marağın olduğunu və bu mötəbər turnirin keçirilməsindən məmnunluğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ümumilikdə idmana qayğısı nəticəsində cüdo idman növünün də sürətlə inkişaf etdiyini vurğulayıb.
Azərbaycanda cüdonun ən öndə gedən idman növlərindən biri olduğu üçün sevindiyini və gənclər arasında cüdo idman növünə marağın böyük olduğunu bildirən Yaponiyanın ölkəmizdəki səfirinin müşaviri Takeya Yukihito deyib: “Azərbaycanda keçirilən “Yaponiya səfirinin kuboku” möhtəşəm şəkildə baş tutdu. Bu il ölkənizdə cüdonun yaranmasının 50-ci ildönümü münasibətilə hər kəsi təbrik edirəm. Azərbaycanda çoxlu sayda uşaqlar cüdo idman növünə maraq göstərirlər. Bu gün mən bunun bir daha şahidi oldum. İdmançıların istedadları və göstərdikləri performans da heyranedicidir. Cüdonun ölkənizdə daha da inkişaf etməsini arzulayıram”.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov şəhərdə cüdonun inkişafının diqqət mərkəzində olduğunu qeyd edib. O, Azərbaycan Cüdo Federasiyasının regionlarda keçirdiyi turnirlərin idmançıların gələcəkdə təcrübəli idmançı kimi yetişməsində mühüm rol oynadığını deyib.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib ki, federasiyanın əsas məqsədlərindən biri regionlarda cüdonun kütləviləşdirilməsidir. Bu cür turnirlərin təşkili regionlarda cüdo ilə məşğul olan yeniyetmələrin potensiallarını reallaşdırmağa və istedadlı idmançıların kəşf olunmasına kömək edir.
Cüdo üzrə Olimpiya çempionu, Yaponiya millisinin sabiq baş məşqçisi, JUDOs QHT-nin rəhbəri İnoue Kosey açılış mərasimi üçün hazırladığı videomüraciətdə söyləyib ki, cüdo insanların fiziki və mənəvi inkişafına töhfə verir. Azərbaycan cüdosunun dünyada yaxşı tanındığını qeyd edən Olimpiya çempionu cüdonun Azərbaycanda daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Sonda çıxışçılar yarış iştirakçılarına və idmançılara uğurlar arzulayıblar.
Azərbaycan Cüdo Federasiyası və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin müxtəlif regionlarından olan 25 komandanın 200-ə yaxın cüdoçusu iştirak edib.