CƏMİYYƏT
DSX: İrandan Azərbaycana narkotik vasitələr keçirilməsi cəhdlərinin qarşısı alınıb
Bakı, 24 aprel, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aprelin 21-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd edərkən Azərbaycan vətəndaşı 1981-ci il təvəllüdlü Abdurəhmanov Azər Fərrux oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı A.Abdurəhmanovun əvvəllər dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitələr gətirmək məqsədilə dövlət sərhədini keçmək niyyətində olduğu müəyyənləşdirilib.
Həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən iki naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamanı ataraq, havanın qaranlıq, ərazinin isə meşəlik olmasından istifadə edərək geriyə qaçıblar.
Ərazi dərhal qapadılaraq, keçirilmiş axtarış tədbirləri nəticəsində bir ədəd çantanın içərisində ümumi çəkisi 8 kiloqram 555 qram narkotik vasitəyə (7550 qram tiryək, 1005 qram heroin və 5000 ədəd metodon-40 həbi) oxşar maddə aşkarlanaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.