SİYASƏT
DÜNYA XALQLARINA, DÖVLƏT BAŞÇILARINA, PARLAMENTLƏRƏ, DİN XADİMLƏRİNƏ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT
O BİR OLAN YARADANIN ADI İLƏ!
Biz, Azərbaycanda mövcud olan 3 dini konfessiyanın başçıları milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq dünyanın bütün insanlarına müraciət edir, bəşəriyyətin taleyi üçün məsuliyyət daşıyan dünya liderlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tuturuq. Əminik, dünyada elə bir sağlam düşüncəli şəxs tapmaq olmaz ki, humanist idealları inkar edərək, zor, təcavüz kimi qeyri-insani əməllərə bəraət versin, qanlı qətllərə haqq qazandırsın.
Bütün dünya dinləri günahsız insan qanının tökülməsini pisləyir, qardaşlıq, dostluq ideyaları təlqin edirlər. Bizim hamımızı O Bir Olan Uca Tanrı xəlq edib, hamımıza müqəddəs nemət sayılan həyat bəxş edib. Odur ki, Yer üzünün əşrəfi olan insanın həyatına qəsd Yaradan qarşısında bağışlanılmaz günahdır.
Bəşəriyyət tarixində çox faciələr törədilmiş, insanlığa şərəf gətirməyən hadisələr baş vermişdir. Belə kədərli hadisələr hər bir xalqın qan yaddaşında əbədi həkk olunmuşdur. Azərbaycan xalqı da XX əsrdə böyük müsibətlərə düçar olmuşdur. Fəqət bir əsr ərzində dəfələrlə soyqırıma və deportasiyalara məruz qalmış, keşməkeşlər yaşamış xalqımızın ən ağrılı yarası bu günədək qəlblərimizi göynədən Xocalı soyqırımıdır. Azərbaycanın 10 mindən artıq əhalisi olan Xocalı şəhərinin erməni silahlı dəstələri tərəfindən yerlə-yeksan edilməsindən artıq 11 il keçir. Heç bir azərbaycanlı Xocalı müsibətini, minlərlə dinc, silahsız, müdafiəsiz insanın qətlə yetirilməsini, hətta qadınlara, uşaq və qocalara belə rəhm olunmamasını, meydlər üzərində təhqiramiz həqarətlər edilməsini unutmamışdır. 11 ildir ki, Xocalı faciəsi barəsində dünyaya car çəkir, ədalət çağırışımızın dünya ictimaiyyəti tərəfindən dəstəklənməsini istəyir, təcavüzkara layiqli cəza verilməsini tələb edirik. Lakin çox təəssüflər olsun ki, bəşəriyyət hələ də bizim haqq tələbimizi etinasız qarşılayır, beynəlxalq təşkilatlar bu soyqırım faciəsinin üzərindən sükutla keçirlər.
Özlərinin “tarixi əzabkeşlikləri” barədə mifdən addımbaşı istifadə edən, onlara qarşı “genosid” törədildiyi barədə həyasız bəyanatlar verən ermənilər cəzasız qalmalarından ilhamlanaraq Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır, hər an atəşkəsi pozmağa can atırlar.
Xalqımızın əsl faciəsini tam təsəvvürə gətirmək üçün təkcə onu xatırlatmaq kifayətdir ki, Azərbaycan əhalisinin səkkizdən biri qaçqın şəraitində yaşayan yeganə ölkədir. Bir milyon insanın doğma torpaqlarından didərgin salınması, varidatının talan olunması, məscid, qəbirstanlıq və qədim abidələrinin dağıdılması, tarixi sənəd və əşyaların mənimsənilməsi və özününküləşdirilməsi, bir sözlə, özgə tarixinə sahib çıxılması... Bax, əsl genosid budur!
Cəzasızlıq yeni cinayətlərə sövq edir. Əgər Xocalı soyqırımının baiskarları vaxtında dünya birliyi tərəfindən birmənalı şəkildə lənətə və cəzaya məhkum edilsəydi, bu, cinayətkarlar üçün ciddi xəbərdarlıq olar və yeni terror hadisələrinin baş verməsinin qarşısını alardı.
11 sentyabrda ABŞ-da baş vermiş dəhşətli terror aktını biz, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanların müqəddəs hisslərinə, heysiyyatına toxunan bağışlanmaz günah kimi qəbul etmiş, Amerika xalqının qəm və hiddətinə şərik çıxaraq bu məşum hadisəni törətmiş terrorçuların ən ağır cəzaya layiq olduqlarını bildirmişik. Ümid edirik ki, bütün bəşəriyyət bizim fikrimizə şərik çıxacaq və hər cür terror əməlini, o cümlədən erməni separatçılarının da törətdikləri əməlləri qətiyyətlə pisləyəcəkdir.
İndi dünya ictimaiyyəti seçim etməlidir: ya işğalçı ermənistanın ağlasığmaz cinayətlərinə göz yumaraq, ermənilərin törətdikləri insan əxlaqına, beynəlxalq hüquqa daban-dabana zidd olan qanlı qırğın, soyqırımı, onların xəstə təxəyyüllərinin uydurmalarını dəstəkləməli, ya da ki, erməni təcavüzünün, üstəlik erməni lobbilərinin bütün dünyaya car çəkdikləri dezinformasiyaların qurbanı olan, məhrumiyyət və məşəqqətlərə məruz qalan Azərbaycanla həmrəylik nümayiş etdirməlidir.
Biz bütün beynəlxalq ictimaiyyəti Azərbaycan xalqının faciəsinə biganə qalmamağa, Xocalıda törədilmiş dəhşətli faciəyə prinsipial hüquqi qiymət verməyə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində bizimlə həmrəy olmağa, haqq səsimizə səs verməyə çağırırıq.
Haqq, ədalət, vicdan naminə bir-birimizə yardım etməklə Rəbbimiz qarşısında böyük cavab sahibi olmuş olarıq. Qoy bu yolda Ulu Tanrı bizim üzərimizdən mərhəmət və nəzərini əskik etməsin! Amin!
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin
sədri
Aleksandr
Bakı və Xəzəryanı bölgəsinin yepiskopu
Semyon İxiilov,
Dağ Yəhudiləri icmasının başçısı