İQTİSADİYYAT
Daha bir avtobusda gediş haqqı “BakıKart”la ödəniləcək
Bakı, 24 iyun, AZƏRTAC
Bakı şəhərinin marşrut şəbəkəsində nağdsız ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi prosesi davam etdirilir. “BakıKart”a inteqrasiya qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli üçün əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 25-dən 108B nömrəli marşrut xətti (“Azadlıq prospekti” metro stansiyası–Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi “28 May” küçəsi 269A, Cəfər Cabbarlı küçəsi 5, Binəqədi rayonu üzrə isə Azadlıq prospekti 104, A.Hüseynov küçəsi, Mərkəz Binəqədi, Binəqədi 2-ci Mədən, Novxanı yolu ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.