İDMAN
Daşkənddə “Xumo-Arena” buz kompleksinin açılışında Azərbaycan nümayəndə heyəti də iştirak edəcək
Daşkənd, 11 mart, АZƏRTAC
Martın 15-də Daşkənddə açılacaq “Xumo-Arena” çoxfunksiyalı buz kompleksi ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə kompleksin açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirak edəcəyi bildirilib. Açılış mərasiminə 2 min iştirakçı, 6 min qonaq qatılacaq. Azərbaycanın Gənclər və İdman Nazirliyinin yüksək səviyyəli nümayəndələri də mərasimdə iştirak edəcəklər.
Açılışda, həmçinin Rusiyanın tanınmış hokkeyçiləri və estrada ulduzları, Özbəkistanın “Bunyatkor” hokkey komandasının veteranları, ölkənin tanınmış idmançıları, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər də iştirak edəcəklər.
Bildirilib ki, “Xumo-Arena”da hokkey, fiqurlu konkisürüşmə ilə yanaşı, basketbol, voleybol, futzal, güləş, boks, taekvondo, qılıncoynatma və digər növlər üzrə də yarışlar keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd