REGİONLAR
Daşkəsəndə yeni içməli su və kanalizasiya xəttinin çəkilişi sürətləndirilib
Daşkəsən, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının maliyyələşdirdiyi “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Daşkəsəndə içməli su və kanalizasiya xəttinin çəkilişi sürətlə davam etdirilir. İlkin mərhələdə rayon mərkəzi, daha sonra isə kəndlər bu layihəyə cəlb olunacaq.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, artıq 20 kilometr magistral su xəttindən 17 kilometrinin, şəhərdaxili xəttin 17 kilometrindən 3 kilometrinin çəkilişi başa çatdırılıb. 13 kilometr şəhərdaxili kanalizasiya xəttindən isə 2 kilometri hazırdır.
Daşkəsənin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulduqdan sonra rayona saniyədə 65 litr içməli su veriləcək ki, bundan da 2500 abonent istifadə edəcək.