CƏMİYYƏT
“Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!
Bakı, 27 sentyabr, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də 27 sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Şəhidlər xiyabanları ziyarət olunur, qazilər cəbhə xatirələrini şəxsi heyətlə bölüşür, əbədiyaşar şəhidlərimizin qanı çilənən işğaldan azad olunan ərazilərimizdə gənc əsgərlər onların qəhrəmanlıq ənənələrini davam etdirməyə, qanla suvarılan müqəddəs torpaqlarımızın keşiyində bundan sonra da mərdliklə durmağa and içirlər.
Bu fikirləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Vətən müharibəsi iştirakçısı, polkovnik Abdulla Qurbani AZƏRTAC-a açıqlamasında deyib.
Polkovnik A.Qurbani bildirib ki, bu gün bütün xalqımız kimi Azərbaycan Ordusunun əsgər və zabitləri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətini böyük diqqətlə dinləyib. Bu müraciət hərbi qulluqçularımızın döyüş ruhunu, vətənpərvərlik hissini daha da yüksəldib. İkinci Qarabağ müharibəsini bizim şanlı tariximiz adlandıran dövlətimizin başçısının “Düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın” sözləri hər bir Vətən əsgərinə nə qədər qürurverici anlar yaşadıbsa, 44 gün ərzində bir gün də olsun geriyə addım atmayan igid oğullarımızda özünə və gücünə inam hissini də bir o qədər artırıb.
Azərbaycan əsgəri fəxr edir ki, şəhidlərimizin qanı yerdə qalmayıb, onların qisası, intiqamı yenilməz, mübariz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanlarında alınıb. Şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaq.
“Dövlətimizin başçısının xalqa müraciətində dediyi hər bir fikir, hər bir söz düşmən təxribatlarının, onların mövqelərimizə hücum cəhdlərinin qarşısını mərdliklə və qətiyyətlə alan Vətən əsgərinin qəlbinə hərarət, qoluna güc, dizinə təpər verir. Qalib döyüşçülərimiz iftixar hissi keçirirlər ki, düşmənlərimizin torpaqlarımızdan qovulmasında, beynəlxalq hüququn, milli ləyaqətimizin bərpa edilməsində, Azərbaycan xalqının müzəffər xalq, Azərbaycan dövlətinin qalib dövlət kimi yaşamasında onun müstəsna xidmətlərini Azərbaycan Prezidenti həmişə yüksək qiymətləndirdiyi kimi Anım Günündə də yüksək dəyərləndirib.
Müzəffər Ali Baş Komandanın “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” fikirlərini Azərbaycan əsgəri ölkə rəhbərinin onların xidmətinə verdiyi ən yüksək mükafat, təltif kimi qarşılayıb.
27 sentyabr – Anım Günündə Azərbaycan Ordusunda keçirilən bütün tədbirlərin iştirakçılarının düşmənlərimizə və onların havadarlarına ismarışı isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün xalqa ünvanlanan müraciətində qətiyyətlə dediyi cəsarətli fikirlərdir: “Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!”.