ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun əməkdaşları Lənkəran-Lerik bölgəsində elmi ekspedisiyada olublar
Bakı, 5 iyun, AZƏRTAC
AMEA Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov və elmi müəssisənin əməkdaşları Lənkəran-Lerik bölgəsində elmi ekspedisiyada olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Hirkan Milli Parkının, Lənkəran rayonunun, Lerik ərazisinin bitki örtüyü təhlil edilib, bitkilərin yayılma arealları müəyyənləşdirilib.
Ezamiyyə müddətində Dendrologiya İnstitutu ilə Lənkəran Regional Elmi Mərkəzi arasında birgə elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.
Hirkan florasında Şərq fıstığı (Fagus orientalis Lipsky), şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.), dəmirağac (Prrotia persica (DC.) C.A.Mey.), vələs (Carpinus betulus L.) növlərinin əsasən dominantlıq təşkil etdiyi müəyyənləşdirilib. Bəzi ərazilərdə 22-28 metr hündürlüyündə Qafqaz xurması (Diospyros lotus L.) dominantlıq təşkil edir.