SİYASƏT
Deputat: 44 günlük müharibə Ermənistan dövlətinin əsaslarını sarsıtdı
Bakı, 17 noyabr, AZƏRTAC
Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. Maraqlıdır ki, AXC-Müsavat hakimiyyətinin vəziyyətini və taleyini hazırda Paşinyan yaşayır. Ölkə idarəçiliyində naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması dövləti bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir. Hətta vəziyyət o həddə çatıb ki, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Baş nazirin evi canlı yayımda qarət edilir, şəxsi əşyaları və sənədləri götürülür. Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülür, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunur. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Ermənistanda demoqrafik böhran daha da dərinləşib, minlərlə erməni gəncin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Deputat qeyd edib: “Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Həmçinin Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporu tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması da geniş şəkildə müzakirə olunur. Bir sözlə, 44 günlük müharibə Ermənistan dövlətinin əsaslarını sarsıtdı”.
Sədaqət Vəliyeva əlavə edib ki, hazırda Ermənistan ictimai-siyasi həyatı “barıt çəlləyi”nə bənzəyir və müxalif qüvvələrlə hökumət qüvvələri rəsmən vətəndaş müharibəsinin astanasındadır. “Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin və qondarma rejimin “prezidenti” Araik Harutyunyanın məsləhəti ilə razılaşmanı imzaladığını desə də, müxalifət nümayəndələri onların adlarını hallandırmır, birbaşa Paşinyanı məsul tuturlar. Bu isə onu göstərir ki, müxalifətin dərdi Qarabağ deyil, hakimiyyətə gəlməkdir. Hazırda da erməni müxalifəti Qarabağdakı məğlubiyyətdən istifadə edərək hakimiyyətə gəlməyin yollarını axtarır və Paşinyanı linç etmək planları qurur, ictimai-siyasi rəyi buna hazırlayır. Lakin Avropa dövlətləri, beynəlxalq təşkilatlar müxalifətin linç kampaniyasına səssiz qalır, demokratiya və insan haqlarının qorunmasından bəhs etmir. Son vaxtlara qədər Paşinyan hökumətinə dəstək verən dövlətlər, beynəlxalq təşkilatlar hələ də səssizliyini qoruyur”, - deyə deputat vurğulayıb.