SİYASƏT
Deputat: 44 günlük müharibədəki milli həmrəyliyimiz çoxlarına nümunədir
Bakı, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən əlamətdar tarixdir. Ümumiyyətlə, həmrəylik ictimai ahəngdarlığı və milli özünüdərki təmin, milli-etnik platformada milli yaddaşı bərpa, milli birliyi səfərbər edən, məqsədyönlü fəaliyyəti stimullaşdıran vasitədir. Bir millətin, xalqın varlığını sürdürə bilməsi, dünya xalqları içərisində özünə layiqli yer tutması üçün milli birlik və həmrəylik həyati önəm daşıyır. Dünya Azərbaycanlılarının Həmrəyliyi bütün dünyada yaşayan azərbaycanlıların səfərbər edilməsi, konkret məqsəd ətrafında birləşməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi Azərbaycanın ən yeni tarixinin mühüm siyasi hadisələrindən biri kimi tarixə düşdü. Çünki ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu.
“Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən, milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Prezident İlham Əliyev daim 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi və lideri olub. Bu fəaliyyətin ən ümdə cəhətləri xaricdəki azərbaycanlıların ana vətənimizin maraqları ətrafında daha sıx səfərbər olmaları və ən əsası Azərbaycan həqiqətlərinin dünyada getdikcə yaxından eşidilməsidir”, - deyə A.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diasporunun əldə etdiyi mühüm əhəmiyyətli nailiyyətlərin sırasında 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayını, 2006-cı il mart ayının 16-da Bakıda keçirilən Dünya azərbaycanlılarının II qurultayını və 2007-ci il noyabr ayının 17-19-da yenə Bakıda keçirilən Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayını qeyd etmək olar. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 19 ildə Azərbaycanın inkişaf yolunda ardıcıl qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da qürurlandırır. Azərbaycan dövlətinin güclənməsi soydaşlarımızın xaricdəki diaspor təşkilatlarının fəaliyyətinə də müsbət təsir edir.
“Qırx dörd günlük Vətən müharibəsi müddətində xalqımız bir daha öz rəhbərinin müdrikliyinə və siyasi iradəsinə şahidlik etdi. Həmin günlərdə İlham Əliyevin yenilməz qətiyyəti bütün cəmiyyətimizi qələbəyə köklədi. Məhz Azərbaycan Prezidentinin ortaya qoyduğu nümunə xalqımızı bu müqəddəs savaşda Zəfərə apardı. Əsas məsələlərdən biri də odur ki, bu müharibədə cəmiyyət Prezident İlham Əliyevin ətrafında sıx səfərbər oldu. Bu, həm milli həmrəyliyimizin, həm də xalqımızın öz rəhbərinə olan yüksək ehtiram və inamının təcəssümü idi. Dövlətimizin başçısının əzmkarlığı, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi qətiyyət hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən və dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı 44 günlük müharibədə milli həmrəylik nümayiş etdirdi”, - deyə Anar Məmmədov vurğulayıb.