SİYASƏT
Diaspor rəhbəri Lüksemburq Parlamentində görüş keçirib
Bakı, 23 avqust, AZƏRTAC
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentində və bu ölkədə fəaliyyət göstərən Avropa Xalq Sosialist Partiyasının ofisində görüşlər keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Sahil Qasımov Lüksemburq Böyük Hersoqluğu Parlamentinin fəaliyyəti ilə tanış olub, bu ölkədə yaşayan və işləyən soydaşlarımızın vəziyyəti, Azərbaycan həqiqətləri barədə müzakirələr aparıb.
Görüşdə, həmçinin Azərbaycan-Lüksemburq parlamentlərarası dostluq qrupu üzvlərinin oktyabrda bu ölkəyə gözlənilən səfəri də müzakirə olunub. Bildirilib ki, Lüksemburqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə dair müzakirələr aparmaq, bir sıra əhəmiyyətli görüşlər keçirmək niyyətindədir.
Görüşlərdə Sahil Qasımovu Lüksemburq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Lüksemburq Xalq Sosialist Partiyasının nümayəndəsi Jacque Henckes, beynəlxalq siyasi ekspert Birgit Fuhrmann müşayiət edib.
Qeyd edək ki, mərkəzi qərargahı Brüsseldə yerləşən BAK sıralarında Belçika, Niderland və Lüksemburqda yaşayan soydaşlarımızı birləşdirir. Təşkilatın əsas məqsədi Azərbaycan həqiqətlərini Avropada yaymaq, yerli ictimaiyyəti Dağlıq Qarabağ məsələsi barədə məlumatlandırmaq və soydaşlarımızın yaşadıqları ölkələrdə inteqrasiyasına dəstək göstərməkdir.