ELM VƏ TƏHSİL
Dillər Universitetində Ulu Öndərin xatirəsinə həsr edilən kompozisiya nümayiş olunub
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən Xalq Şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” əsəri əsasında səhnələşdirilən və ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan musiqili ədəbi-bədii tədbir keçirilib. Tədbir ADU ilə Şuşa Dövlət Musiqili Dram Teatrı arasındakı əməkdaşlıq çərçivəsində reallaşıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitet rektorunun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev görkəmli dövlət xadimi Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində xüsusi yer tutduğunu deyib, Ulu Öndərin Azərbaycanı məhv olmaqdan xilas etdiyini bildirib. Vurğulanıb ki, Ulu Öndər ADU-nun müstəqil universitet kimi fəaliyyət göstərməsində də mühüm rol oynayıb.
Sonra “Böyük ömrün dastanı” əsəri əsasında hazırlanan kompozisiya nümayiş olunub.