REGİONLAR
Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlanması vacib rol oynayır
Quba, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 17-də Qubada “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda ikigünlük seminar başlayıb.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təşkil olunan seminarda komitənin rəsmi nümayəndələri, elm və din xadimləri, gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsinin təşkilatçılığı ilə müxtəlif səpkili tədbirlər, konfranslar, seminar-müşavirələrin həyata keçirildiyini bildirib. Sədr müavini bugünkü seminarın məhz dini radikalizmlə mübarizə çərçivəsində şimal-şərq bölgəsinin gənclərinin potensialından daha səmərəli istifadə edilməsinə nail olmaq və onların fəal iştirakına şərait yaratmaq məqsədilə keçirildiyini diqqətə çatdırıb.
Gündüz İsmayılov din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, fəaliyyəti, iş metodları, real təhlükəsi barədə cəmiyyətin, xüsusilə gənclərin mütəmadi məlumatlandırılmasının önəmini qeyd edib. O, gənclər arasında dini maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür. Sədr müavini bu baxımdan əhəmiyyət kəsb edən seminar çərçivəsində gənclərə mövcud dini durum, dini təriqətlərin, qrupların fəaliyyətinin mahiyyəti barədə məlumatların veriləcəyini qeyd edib.
Seminarın ilk günü DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “İslam həmrəyliyinin dini ekstremizm və radikalizmlə mübarizədə rolu”, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinovun “Dini radikalizmin yaranmasında məzhəb təəssübkeşliyi amili” mövzusunda məruzələri dinlənilib.
Seminar zamanı səsləndirilən məruzələrdə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsi, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınması və gənclərin dini dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması haqqında danışılıb.
Məruzələr dinlənildikdən sonra qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Noyabrın 18-də isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dini məsələ: ideoloji təhdidlər müstəvisində”, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov “Radikallaşma prosesi: nəzəriyyə və təcrübə” mövzusunda məruzələrlə çıxış edəcəklər.
Seminarın ikinci günü, həmçinin DQİDK-nın sifarişi əsasında çəkilmiş və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdiriləcək.