MƏDƏNİYYƏT
“Discovery Azerbaijan” jurnalının yeni nömrəsində...
Bakı, 28 noyabr, AZƏRTAC
“Discovery Azerbaijan” jurnalının yeni nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın yeni nömrəsi iki dövlət, iki məğrur xalq – Azərbaycan və Bosniya və Herseqovinaya həsr olunub. Bu iki qardaş xalqdan, ölkələrimiz arasındakı əlaqələrdən söz açmaq üçün Bosniya və Herseqovinanın Azərbaycandakı səfiri Bakir Sadoviçlə müsahibə də jurnalın yeni nömrəsində öz əksini tapıb. Miljacka çayının hər iki sahilinə səpələnən, kürəyini Trebeviç dağına söykəyən, Qərblə Şərqi özündə birləşdirən, 300 min insana ev sahibliyi edən Bosniya və Herseqovina paytaxtı Sarayevodan geniş reportaj da nəşrdə yer alıb. Sarayevodan başqa, Bosniya və Herseqovinanın digər şəhərləri, gəzməli-görməli yerləri barədə də jurnalda ətraflı məlumat verilib. Bosniya və Herseqovinada çəkilən məşhur filmlər, eləcə də bu ölkənin tarixi gerçəkləri barədə ekranlaşdırılan kinofilmlər də yeni nömrənin əsas mövzularındandır. Bir ölkənin qonağı olasan, onun ləziz təamlarından söz açmayasan? Bu sual da “Discovery Azerbaijan”ın yeni nömrəsində cavablandırılıb.
Dənizdə 55 il can qoyan Dövlət Dənizçilik Akademiyası nəzdindəki kollecin müəllimi, təqaüdçü kapitan Kərəm Məmmədov yeni nömrədə sulardakı “döyüş”ündən danışıb. Virtual aləmdə təqdim etdiyi ləziz dadları ilə izləyicilərinin sevimli foodbloggerinə çevrilən Aygün İslamzadə isə hobbi olaraq məşğul olduğu bu işin incəliklərini oxucularla bölüşüb. Bakının “girəcəyi”ndə, düz Xəzərin sahilində, şəhərdən cəmi 4-5 km aralıda insanların pənah apardığı, müqəddəs sayıb ziyarət etdiyi bir məbəd - Bibiheybət Məscidi isə arxitektura baxımından araşdırılıb.
Ona “heç nədən var olan şəhər” də deyirlər. İkinci Dünya müharibəsi illəri öncəsində kiçik bir qəsəbə olan, 1940-cı illərdə inşa edilən və 50-ci illərə qədər Azərbaycanın neft-kimya sənayesinin mərkəzi olan, yaxın gələcəkdəki planları isə ölkənin böyük turizm şəhərinə çevrilmək olan Sumqayıtdan maraqlı reportaj da dərginin yeni nömrəsində yer alıb. Sumqayıtdan seçilən deputat Tahir Mirkişili isə yalnız deputat kimi yox, həm də tanınmış iqtisadçı, müəllim, İKT üzrə mütəxəssis kimi təqdim olunur.
Yeni nömrədə müstəqillik illərimizin ən sevilən filmlərindən biri olan “Yuxu”nun kadrarxasında yaşanan maraqlı məqamlar da xatırlanıb. Sözügedən filmin maraqlı məqamlarını dilə gətirən isə “Əliabbas” kimi tanıdığımız İlham Qasımovdur.
“Turan buradan başlayır” rubrikasında isə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə maraqlı müsahibə öz əksini tapıb.