CƏMİYYƏT
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, sədr Rövşən Rzayev, sədrin müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyiblər.
Məcburi köçkünlər əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin müəyyən edilməsi ilə əlaqədar müraciət ediblər.
Qeyd edilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Birinci vitse-prezident Mehriban Əliyeva qəzalı və yararsız binalarda ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.
Vətəndaşlar fərdi qaydada qəbul edilib və hər birinin müraciəti müvafiq qaydada qeydə alınıb. Komitə sədri müraciətlərdə qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll edilməsi üçün şöbə və departamentlərə tapşırıq verib.